Uğurlarımız «Altun Kitab» nəşriyyatı Azərbaycan Təhsil Nazirliyi və Açıq Cəmiyyət İnstitutunun birgə keçirdiyi bir sıra dərslik müsabiqələrinin qalibi olmuş, bu müsabiqələrin nəticəsi olaraq «Orta əsrlər tarixi» (7-ci sinif), «İngilis dili» (7-ci sinif), «Fransız dili» (7-ci sinif), «Azərbaycan dili» (5-ci sinif) dərsliklərini nəşr etmişdir.
«Altun Kitab»ın nəşrləri arasında yüksək səviyyəli bədii dizaynı ilə seçilən «Azərbaycan musiqi alətləri» kitabı xüsusi yer tutur. Multimedia diski ilə birlikdə nəşr olunmuş bu kitab Bakı Kitab sərgisində diploma layiq görülmüşdür.
Digər nəfis nəşrlərdən rəssam Elçin Cabbarovun miniatür janrında işlənmiş orijinal illüstrasiyaları ilə müşayiət olunan «Qabusnamə» kitabı 2006-cı ildə Moskvada keçirilən MDB ölkələrinin kitab müsabiqəsində 1-ci yerə layiq görülmüşdür.
Tərəfdaşlarımız Oxucu auditoriyası ilə sıx təmasda işləyən «Altun Kitab» daim istedadlı mütəxəssislər axtarışındadır və dövlət və özəl təşkilatlarla əməkdaşlıq üçün açıqdır.
Nəşriyyatın əməkdaşlıq etdiyi təşkilatlar arasında Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, UNİSEF uşaq təşkilatı, Açıq Cəmiyyət İnstitutu, F.Köçərli adına uşaq kitabxanası, Bakı Kitab Klubu və bir çox digər təşkilatların adını çəkmək olar.
Nəşriyyatın kitabları, əsasən, OKA-OFSET Azərbaycan-Türkiyə nəşriyyat-poliqrafiya mərkəzinin mətbəəsində (Bakı) və Türkiyənin ən iri mətbəələrindən olan Sistem-Ofset mətbəəsində çap olunur.
Öz kitablarının daim təkmilləşməsində maraqlı olan nəşriyyat fəaliyyət göstərdiyi bir neçə il ərzində onlarla qabaqcıl orta məktəb müəllimi, alim, rəssam və dizaynerlərlə işbirliyi qura bilmişdir ki, nəşriyyatın uğurlarında bu mütəxəssislərin də böyük əməyi var.
Nəşriyyatın strukturu * Direktor
* Maliyyə şöbəsi
* Marketinq və satış şöbəsi
* Redaktə şöbəsi
* Dizayn şöbəsi
* İstehsalat şöbəsi
Nəşriyyatın rəhbəri
Nəşriyyatın təsisçisi və direktoru Rafiq İsmayılovdur. 1960-cı ildə Bakıda anadan olmuşdur. 1977-ci ildə Bakı şəhəri 70 №-li orta məktəbini, 1982-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filologiya fakultəsini bitirmişdir.
M.F.Axundov adına Azərbaycan Pedaqoji İnstitutunda laborant, müəllim (1982-1984), Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi, elmi katib (10984-1989), «Xazar» (rus dilində) jurnalında redaktor (1990-1991) vəzifələrində çalışmışdır.
1991-ci ildən kitab-nəşriyyat biznesi ilə məşğuldur. 1999-2002-ci illərdə Azərbaycan Naşirlər birliyinin sədri olmuşdur. Bu birlik fəaliyyət göstərdiyi illərdə naşirlər üçün treninqlər, seminarlar, konfranslar, I Bakı Kitab Sərgisi (2001-ci il) təşkil etmiş, Azərbaycan kitab sektorunu beynəlxalq sərgilərdə təmsil etmişdir.
Filologiya elmləri namizədidir. 100-dən çox kitab və dərslikdə redaktor, tərcüməçi, dizayner, nəşr layihəsinin rəhbəri kimi iştirak etmişdir. «Mətbuatda reklam», «Nəşriyyat işi», «Azərbaycanda nəşriyyat işi», «PR – bütün yollar KİV-ə aparır» kitablarının, 5, 6, 7-ci siniflər üçün Azərbaycan dili dərsliklərinin və “Əlifba” kitabının müəllifidir.
Baş redaktor Fəxri Uğurlu (Əliyev Fəxri Ağa oğlu) 1968-ci ildə Bakıda doğulub. 1986-cı ildə orta məktəbi bitirib, elə həmin il Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin türk filologiyası bölümünə daxil olub. 1987-89-cu illərdə sovet ordusunda xidmət edib. 1993-cü ildə universiteti bitirib.
1986-cı ildən mətbuatda bədii yazılarla çıxış edir. Hələ tələbə ikən üç kitabı – «Tək ağac» (1992), «Diləklərin azması» (1993), «Oğuznamələr» (tərcümə və məqalələr toplusu; prof. Kamil Vəli Nərimanoğlu ilə birlikdə - 1993) işıq üzü görüb. Sonralar daha üç kitabı – «Üç kəndin bir dərdi» (Şəhidlər haqqında - 1995), «Uşaqların mahnısı» (1999) və «Mövlana Cəlaləddin Rumi və onun «Məsnəvi»si» (Tərcümə və məqalələr toplusu; 2007) çap olunub. Bununla yanaşı 2007-ci ildə Türkiyədə çap olunmuş «Dörd dördlük» adlı bədii topluda yer almış dörd çağdaş Azərbaycan yazarından biridir. 1995-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1992-ci ildən 2003-cü ilədək müxtəlif mətbuat orqanlarında çalışıb.
Baş rəssam Elçin Cabarov 1967-ci ildə Bakı şəhərində anadan olub. 1991-1997-ci illərdə Azərbaycan Dövlət İncəsənət Universitetində təhsil alıb. Rəngkarlıq, qrafika və keramika sahəsində müxtəlif janrlarda yaratdığı əsərlər bir sıra sərgilərdə nümayiş etdirilib. Son dövrdə kitab qrafikası sahəsində məhsuldar çalışır. Onun illüstrasiyaları ilə nəşr edilmiş “Qabusnamə” kitabı 2006-cı ildə Moskvada keçirilmiş MDB ölkələrinin kitab müsabiqəsində 1-ci yeri tutmuşdur.
Rəssam-dizayner Səidə Eyvazova 1979-ci ildə Bakı şəhərində anadan olub. 1996-2000-ci illərdə Əzim Əzimzadə adına rəssamlıq texnikumunun rəngkarlıq fakültəsini bitirib. 2000-2004-cü illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının qrafika fakültəsinin bakalavr pilləsində təhsil alıb. 2004-2006-cı illərdə həmin akademiyanın qrafika fakültəsinin kitab üzrə rəssam şöbəsində magistr pilləsini bitirib. “KafurPAS” peyzaj memarlığı şirkətində, eləcə də“OKA ofset” mətbəəsində rəssam-dizayner vəzifəsində işləyib.
Tərtibatçı Səbuhi Qəhrəmanov 1988-ci ildə Bərdə şəhərində anadan olub. 2005-ci ildə Gəncə şəhəri 24 saylı orta məktəbini bitirib, elə həmin il Bakı Dövlət Universitetinə daxil olub, burada nəşriyyat işi və redaktəetmə ixtisası üzrə təhsil alıb. 2009-cu ildə universiteti bitirib.
“Tələbə Press” qəzetində müxbir (2005-2006), “Kapital-info” jurnalında redaktor (2006-2007) vəzifələrində çalışıb. Respublikada keçirilən bir sıra elmi-praktik konfranslarda nəşriyyat işinə dair mövzularda müxtəlif məruzələrlə çıxış edib. Kitabşünaslıq, nəşriyyat işinə dair bir çox elmi məqalənin müəllifidir.
İstehsalat şöbəsi Rəşad Nəbiyev
Marketinq və satış şöbəsi Əhməd Nəbiyev
Maliyyə şöbəsi Aqil Məlikov